UEFA Çempionlar Liqasının G qrupunda keçirilən matçlar məhsuldar alınıb. “Mançester Siti” “Etihad” stadionunda “Kopenhagen”i meydana çıxmağa peşman edib. “Şəhərlilər” artıq ilk hissədə 3 qol vurublar. Komandanın bombardiri Erlinq Holand dubl müəllifi olub. Bundan başqa Danimarka klubunun heyətində David Xoçolava avtoqolla yadda qalıb. Fasilədən sonra “Siti” daha 2 dəfə rəqib qapısına yol tapıb. Riyad Mahrez və Xulian Alvares Mançester klubunun 5:0 hesablı qələbəsini təmin edib.

“Borussiya Dortmund” isə səfərdə “Sevilya”nı məğlub etməkdə çətinlik çəkməyib. Dortmund klubu fasiləyə kimi rəqibi 3 dəfə cəzalandırıb. Rafael Gereyru, Cyud Belinqem, Kərim Adeyemi diqqət mərkəzinə düşüblər. Fasilədən sonra Yusif En Nesiri qollardan birinin əvəzini çıxıb. Lakin “Sevilya” daha artığına nail ola bilməyib. 75-ci dəqiqədə dortmundluların heyətində Yulian Brandt fərqlənərək son  nöqtəni qoyub. “Sevilya” – “Borussiya Dortmund” 1:4.

Hazırda “Mançester Siti” 9 xalla D qrupunda zirvədədir. “Borussiya Dortmund” 6 xalla 2-ci, hesabında yalnız 1 xalı olan “Sevilya” və “Kopenhagen” isə 3-cü, 4-cü yerlərdədir.

H qrupunda “Pari Sen-Jermen” qələbə qazana bilməyib. Paris klubu Portuqaliyada “Benfika” ilə heç-heçə edib. 22-ci dəqiqədə Lionel Messi hesabı açsa da, 41-ci dəqiqədə qonaqların heyətində Danilo avtoqol müəllifi olub. Qalan vaxtda isə başqa qol vurulmayıb. “Benfika” – “Pari Sen-Jermen” 1:1.

“Yuventus” isə qrup mərhələsində ilk qələbəni qazanıb. “Qoca sinyora” öz meydanında “Makkabi Hayfa”dan üstün olub. 35-ci dəqiqədə Adrien Rabyo Turin klubuna üstünlük qazandırıb. Fasilədən sonra Duşan Vlahoviç fərqi artırıb. 75-ci dəqiqədə Din David İsrail klubunun ümidləndirsə də, çox keçmədən Adrien Rabyo dubl edərək “Yuventus”un 3-cü qolunu vurub. Beləliklə “ağ-qaralar” “Makkabi Hayfa”nı 3:1 hesabilə məğlubiyyətə uğradıb. H  qrupunda “Pari Sen-Jermen” və “Benfika” 7 xalla 1-ci, 2-ci yerlərdədir. “Yuventus” 3 xalla 3-cüdür. Hələ ki, xal qazanmayan “Makkabi Hayfa” sonuncudur.